“Mən istədiyim adamın işini əlindən ala bilərəm” - Azərbaycanlı aparıcı ilə QALMAQALLI MÜSAHİBƏ
Budəfəki müsahibimiz bir çoxlarının səhvən yalnız prodüser kimi tanıdığı Sayqa Cahiddir. O, diceylikdən tutmuş, aktrisalığa qədər bir çox sahələrdə çalışıb. Əksərində də fərqlənməyi və yaddaşlarda qalmağı bacarıb.
Onunla görüşməkdə məqsədimiz həm ARB TV-də yayımlanan yeni verilişi barədə söhbətləşmək, həm də bu xanımın çoxlarına örnək olacaq xarakterini oxucularımıza çatdırmaq idi.
Sayqa xanımla Azərbaycanda ilk və rəqibi olmayan “AQAT Təbii Daşlar Evi"ndə görüşdük. Çox maraqlı, isti söhbətimiz oldu. Məncə, müsahibənin uğurlu alınmasında S.Cahidin səmimiyyəti ilə yanaşı, dörd yanımızdan bizə müsbət enerji ötürən təbii daşların da çox böyük rolu oldu.
- Sayqa xanım, yeni layihəniz başlayıb, xeyirli-uğurlu olsun. Başlar-başlamaz yaman səs-küy saldı. Hər yerdə sizdən yazırlar.
- Çox sağ olun. Eşitdim (gülür). Digər çəkilişlərə başım qarışıq olduğundan, yazılanlardan çox xəbərim olmadı. Bu layihə başlanğıcdan belə uğurlu alındığına görə, bütün kollektivimizə minnətdaram. Bizim işimiz teatr işinə bənzəyir. Hər ikisi kollektiv işidir. Bu işin zəhmətini, əziyyətini hamı çəkməlidir. Buna görə də, hər uğurumuzda işıqçıdan, səs rejissorundan tutmuş, rəhbərə kimi hamının əziyyəti var. Dekorçunun, qrimçinin, rejissorun... hər kəsin əməyi var. Mən tam 10 ildən sonra yenidən proqram aparıcısı kimi efirə qayıtdım. ARB TV-nin rəhbərliyinə və kollektivinə çox təşəkkür edirəm. Məni dəvət edib belə bir proqram hazırladıqlarını söylədikdə, sanki ürəyimdən xəbər verdilər. İstədiyim bir iş idi. Buna görə də məmnuniyyətlə işə başladım. Bayaq dediyiniz kimi, hələ Sayqanın yeni verilişinin açılmağı haqqında səs-küydür, gör qabaqda nələr olacaq, nələr...
- Mümkünsə, qısaca da olsa, sözügedən “Sayqa ilə Bu Axşam” verilişinin mahiyyətindən danışaq.
- Proqram axşam saat 7-dən 9-a qədərdi. Gün ərzində insan çox yorulur, tıxaclar, iş, problemlərin arxasınca qaçmaq, səs-küy, uşağı məktəbə, bağçaya aparıb-gətirmək... Bütün bunlardan sonra insanların dincəlməyə ehtiyacı yaranır. Bax həmin rahatlığı biz yaradacağıq. Mən insanlara bütün bu ağırlığı yox edəcək pozitivliyi ötürmək istəyirəm. Proqramımızda hər şeydən bir az var. Xarakterlər fərqlidir və bu proqramdan hər kəs özünə uyğun pay götürəcək. Məsələn, eyni suallarla məndən də müsahibə alırsınız, digərindən də. Amma cavablar eyni ola bilməz. Yəni, mənim proqramıma gələn qonaqları digər verilişlərdə görsəniz də, onların başqa tərəflərini tanıyacaqsınız (gülür). Çünki hər biri 100 verilişə getsə də, mənə qarşı fərqlidirlər. Uzun illər çiyin-çiyinə işləmişik. Həm də ki, mən bu sənətə dünən gəlməmişəm və veriliş açmaq xətrinə aparıcılıq etmirəm. Bu işdə ömrümün 25 ilini keçirmişəm.
- Əslində siz peşəkar, bacarıqlı prodüser kimi yaddaşlarda qalmısınız. Əksəriyyət sizi belə tanıyır.
- Yox, deməzdim. Bu cümlənin sonunda bir “telejurnalist” sözü olmalıydı. Özümü heç vaxt professional prodüser hesab etməmişəm. Sadəcə olaraq, bacardığım layihənin işini görmüşəm. “Gördüyüm işin adı prodüserlikdir”, deyib, həmin işi görməmişəm. Bir işi bacarıram və onun piarını qura bilirəmsə, niyə də etməyim? Doğrusu, bunları mən pul qazanmaq üçün etmişəm. Jurnalistika fəaliyyətimdə isə kimdənsə müsahibə aldıqda, ya da nəyisə yaratdıqda gəlir güdməmişəm. Amma şou-biznesdə bir müğənni məşhurlaşmaq istəyirsə, mən bunu niyə pulsuz edim ki? Niyə boş-boşuna can qoyum? Zəhmət çəksin, pulumu versin, işimi görüm. Axı mən uşağıma “çox sağ ol”u yedirdə bilmərəm. Evdə qaz kartına müğənninin “çox sağ ol”u yüklənmir.
- Bu qədər qoçaq bir xanımın işində niyə birdən-birə durğunluq yarandı?
- Durğunluq deyəndə ki, Azərbaycanda bir çox şeylərdən, ətrafımda baş verən hadisələrədən incidim. Və ölkədən uzaqlaşmaq istədim. Ancaq bundan sonra heç vaxt bu barədə düşünmərəm.
- Niyə ki?
- Birinci dəfə bu fikrə düşəndə, Avropada bütün işlər görülmüşdü və mən ora köçməli idim. Sonra dayandım və istəmədim. Bir müddət sonra elə alındı ki, Oksana Rəsulova ilə Hindistanla əlaqəli bir layihə var idi, ora getməli idik. Həm də layihə ilə bağlı hind dilini öyrəməliydik. Həmin işlər gedən vaxt anam xəstələndi. Məcbur olub səfirlikdən sənədlərimi geri götürdüm. Bir müddət sonra anam dünyasını dəyişdi. İkinci dəfə yenə düşündüm ki, çıxım gedim. Heç kimdən təklif gəlmirdi. Düşündüm ki, mən bu qədərmi lazımsız adamam? Bakıdan ayrılmaq istəyəndə, daha bir ağır zərbə aldım. Atam rəhmətə getdi. Bir oğlum var. Türkiyədə oxuyur, Çanaqqala 18 Mart Universitetinin Turizm-otelçilik fakültəsində. Fikirim vardı ki, ora köçüb, oğlumun yanında olum. İstənilən bir bizneslə başımı qatım. Əmin idim ki, bacaracam. Çünki həyatda işə bağlı inasanam, ürəyim istədiyi işi görə bilərəm. Hətta dili bilməsəm də, düşdüyüm mühitdə baş çıxara bilirəm. Bu qədər özümə güvənirəm. Amma getmədim. Sonra ARB TV-dən təklif gəldi və mən də sevə-sevə qəbul etdim. O ki qaldı prodüserliyə, istəsəm, onu da edərəm. İstədiyim işi yerə düşməyə qoymaram. Məsələn, sənin işini bəyənirəmsə, onu sənin əlindən almağı da bilirəm. Yəni bu qədər iddialıyam və özümə güvənirəm. Amma bir şey də var ki, işim məni qane edirsə, sənin əlindəki mənə lazım deyil (gülür).
- Siz telejurnalist, redaktor, aparıcı, prodüser, hətta aktrisa kimi də işləmisiniz...
- Aktrisa kimi işləməyə haqqım var. Çünki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsini bitirmişəm. Aktrisa kimi təhsil almışam. Mənim Hamlet Xanızadə, Nəzakət Qazıyeva, Həsənağa Turabov, Hacıbaba Bağırov, Məlik Dadaşov kimi müəllimlərim olub.
- Bəs niyə aktrisa kimi davam etmədiniz?
- Teatrı sevmişəm, amma heç vaxtı aktrisa kimi işləmək istəməmişəm. İstədiyim rollara təklif də almışam. Əvəllər rejissor kimi işləmək istədim. Sonra tale elə gətirdi ki, efirə gəldim. Azərbaycanda ilk radio dalğası - 102 Fm açıldı. İlk dicey qadın kimi mən çıxdım efirə. Bu hadisə məni televiziyaya bir daha bağladı. Baxmayaraq ki, 9-10 yaşından gənclər, yeniyetmələr redaksiyasında efirlərdə olmuşam. Onu da deyim ki, bunlar təsadüfən olmurdu. Yaşadığım bina Azərbaycan Dövlət Televiziyasının işçilərinin binası idi. Bütün qonşularım aparıcı, redaktor, operator, işıqçı idi. Onlara baxıb, məndə də həvəs yaranmışdı.
- Xalq artisti Aygün Kazımova ilə uzun müddətlik iş birliyiniz oldu. Necə idi?
- Sözün əsl mənasında, prodüser kimi yalnız Aygünlə işləmişəm. Digər işlədiklərimi mən layihə prodüserliyi adlandırıram. Məndə layihə prodüserliyi daha yaxşı alınır. İşi gördüm, təhvil verdim, sən də, mən də pulumuzu qazandıq, vəssalam. Ondan sonra hazır məhsuldur də, kim istifadə eləməz ki?.. Bilmirəm, bəlkə də telejurnalist olduğuma görə, piarı yaxşı bacarıram. Mənim müğənnim konset salonunda və ya efirdə necə danışarsa, qəbul olunar, dəyərləndirilər.
- Siz müğənni Səidə Dadaşova ilə də işləmisiniz? Neçə illərdi ki, ortalıqda görünmür.
- Yox ... Heç vaxt Səidə ilə işləməmişəm. Xuraman Şuşalı, Elçin Hüseynov, Emma Ələkbərzadə... rəhmətlik Hüseyn Dəryanın 1-2 konsertində əməyim olub.
- Deyəsən onların içində ən çox reperi istəyirdiniz?
- Çünki yaxın dost idik. Məsələn, Səidə ilə dostam, onun 1-2 işinə kömək etmişəm. Aygünlə 2006-2007-ci ildən ayrılmışıq, ancaq onun xətri mənim üçün əzizdir. Çünki dostuq. Mən onu aylarla görməyə bilərəm. Ancaq xətri əzizdir. Rəhmətlik Hüseynlə elə olurdu ki, danışmırdıq, ancaq bir şey olan kimi əsl dostluğumuz olduğu üçün birləşirdik.
- Sizin hicablı şəkillərinizi gördüm. Bu imic idi, yoxsa necə? Niyə davam etmədiniz? Fəqli idi, həm də rəngləri əla seçirdiniz, sizə yaraşırdı.
- (Gülür) O hazır proqram idi. Özüm üçün etmişdim. Mən aksessuarları, şərfləri çox sevirəm.
- Baxıram, həm də arıqlamısınız. Bu verilişə görədir?
- Bir ara həddindən artıq kökəlmişdim. Televizorda özümü görüb dedim, “Sayqa, sənə nifrət edirəm”. Bundan sonra qısa müddətdə 27 kilo arıqladım.
- Necə etdiniz?
- Bütün günü su içirdim. Bunu indi də davam edirəm. Sonra idmana gedirdim. Bir aya 12 kilo atmışdım. Məni arıqlamağa qoymayan qurman olmağımdı. Bütün gözəllikləri, dadlı yeməkləri, gözəl qadınları görəndə ürəyim açılır. Gözəllik sevənəm. Bütün gözəllikləri mütləq qiymətləndirirəm. Ancaq bəzən özümə qadağalar tətbiq edə bilmirəm və kökəlirəm. Buna görə də hərdən özümdən küsürəm.
- Kökəlmə həm də şirniyyatdan çox istifadə ilə bağlıdı. Şirniyyatı çox sevirsiniz?
- Yox. Şirniyyatı, acını, turşu sevmirəm. Hər şeyi kəmşirin xoşlayıram. Ancaq adi suyu belə elə iştahla içirəm ki... Buna görə də kökəlirəm. Eybi yox, hamı arıqdı, qoy mən kök olum.
- Kompleks yoxdursa, deməli, hər şey qaydasındadır.
- Zaman çox sürətlə keçir. Yaşın üstünə yaş gəlir. Oturub-durub nəyəsə təəssüflənməkdənsə, ona çatmağı məqsədə çevirmək daha yaxşı deyilmi? Niyə deyim ki, kaş 2017-ci ildə filan işi görərdim? Hazır edirəm də. Bu xüsusiyyətimə görə qocalığımdan, yaşımdan qorxmuram. Çünki bu yaşıma qədər elə itkilərim oldu ki... baxıram, düşünürəm, gör nə qədər insanın ömrü yarımçıq qaldı. Buna görə də yaşımdan, həyatımdan zövq almağa çalışıram. Bir də bu illəri yaşamayacağıq.
- Bu gün Azərbaycanda prodüserlik peşəsi kifayət qədər inkişaf etməyib və demək olar ki, yeni sahə sayılır. Hətta bəziləri elə düşünür ki, prodüser müğənninin köməkçisinə deyilir. Sizcə, bizdə vəziyyət niyə belədir?
- Bəli, inkişaf etməyib. Əlbəttə, indiki gənclərin bu sahəyə böyük marağı olsa, çox sevinərəm. Təəssüf ki, Mədəniyyət və İncəsənət Universitetində belə bir fakültə açılsa da, irəli gedə bilmədi. Yarımçıq qaldı. Davam etsəydi, güman ki, bu sahədə xeyli peşəkar yetişəcəkdi. O ki qaldı prodüserə müğənninin köməkçisi kimi baxmaq məsələsinə, bunun günahı özümüzdədir. Əslində prodüser bir işi işləyib təqdim edir. Buna dəyər vermək lazımdır.
- Xarici ölkələrin təcrübəsini örnək alsaq, biz nə edə bilərik ki, prodüserlik sahəsi genişlənsin, inkişaf eləsin?
- Prodüserin intelektual səviyyəsi yüksək olmalıdır, yeni infomasiyaları, dünyada baş verənləri izləməlidir. Prodüser incəsəntin bütün sahələrindən xəbərdar olmalıdır. Yaxşı telejurnalist həm də öz layihəsinin yaxşı prodüseri olur. Niyə? Çünki hər tərəfdən informasiya alır.
- Bizdə müğənnilərlə işləyən, şou-biznesə yaxın olan əksər prodüserlər ya ailə qurmayıblar, ya da ayrılıblar. Kişili-qadınlı. Halbuki müğənnilərin özlərinin arasında kifayət qədər ailə həyatına davam edənlər var. Bu məqamı necə izah edərsiniz?
- Qadınlardan biri də mənəm. Ailəli olmuşam. Ayrılmışam. Bir oğlum var. Sırf prodüser kimi işləyən Təranədi. O da ailəli olub, ayrılıb. Ailəli olan Nigardı. Zülfiyyə Xanbabayevanın prodüseri. Heç görünmür, ancaq öz işilə-gücüylədir. Kişilərdən Ayaz Qasımovun prodüseri öz qardaşıdır. O da ailəlidir. Mədinədir, övladı var. Prodüser kimi işlədi, sonra oxudu. O da ayrılıb. Bilirsiz, prodüser müğənnini özü kimi sevməlidir. 24 saat ona bağlı olmalıdır. Buna görə belə hal normaldı məncə. İnsan bir növ həyatını müğənninin həyatına həsr edir.
- Sizin danışığınız, gülüşünüz, baxışlarınız rejissor Aqil M.Quliyevə bənzəyir. Qohumluğunuz varmı?
- (Gülür). Mən onu çox istəyirəm. Biz onunla eyni nəslin nümayəndəsiyik. Bəlkə 1-2 yaş mən ondan böyük olaram.
- Bu gün müğənnilərin aparıcı kimi fəaliyyəti bəzi tamaşaçılarda qıcıq yaradır. Qorxmursunuz ki, deyərlər prodüser Sayqa da aparıcılıq edir?
- Yox (gülür). Siz qorxun e... saytlara qarşıdır.
- Əksinə, bizə fərqi yoxdur. Bizə əsas işləməyə material olsun. Elə bi sual varmı ki, gözlədiniz, amma vermədim?
- Sual-cavabı xoşlamıram. Proqramımda da sual yazmıram. Çünki proqram boyu elə şeylər ola bilər ki, yadıma həmin qonağın hansısa bir faktı düşər. Onu açıqlaya bilərəm. Ağla gəlməz açıqlama olar və partlayar. O əslində bəzi aparıcıların savadsızlığından irəli gəlir ki, redaktor ona sual yazır, məsələn, “Yeni layihəniz haqqında nə deyə bilərsiniz?” Qonaq danışarkən əslində qalmaqallı bir məqama toxuna bilər. Amma sən üstündən ötüb redaktorun yazdığı növbəti suala keçərsən: “Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?” Bu hazır sualı verməkdənsə, adam sənə mövzu verir, tut də, tut. Ümumiyyətlə, əksər verilişlərə vaxtım yoxdu deyə, baxmıram. Elə veriliş olur ki, dəvət alıram, amma getmirəm. Bəzi kanallar var ki, əvvəldən getmirəm. Çünki aparıcısı heç nə bilmir. Aparıcı mənə elə sual verir ki, dəhşətə gəlirəm. Ay zalım, sən bunu hardan oxudun? Harda gördün? Suala bax: “Porno kliplər çəkirlər, buna münasibətiniz?” Zalımın balası, mənim porno kliplərlə nə əlaqəm? Elə klipdə çəkilməmişəm, elə layihə etməmişəm. Sən bu sualı mənə niyə verirsən? Mən də axırda dedim ki, istəyirsən, sualları da, cavabları da özüm yazım göndərim.
- Baxın, ətrafımızda təbii daşlar var. Sizi müsahibəyə çağırmadan öncə bilirdim ki, daşlara həvəslisiniz, meyliniz çoxdu. Hansı daşı daha çox sevirsiniz?
- Təbii daşları sevirəm. Sizinlə danışıram, əlim ametistin üzərindədir. Mən bu daşdan enerji alıram. Yeri gəlmişkən, ametist elə bir daşdır ki, səndə neqativ olduqda onun rəngi tündləşir. Hansısa bir işlə bağlı müqavilə bağladıqda ametisti üzərində götürsən, uğur gətirər. Daşlar haqqında oxumağı sevirəm. Amma daş heykəlləri heç sevmirəm. Donmuş görünürlər. Belə şeylərə diqqət edirəm. Məsələn, evimin divarından tüfəng, xəncər, yaxud müharibə şəkillərinin asılmağını istəmirəm. Həmin əşyalar evin abhavasına təsir edir. Yaxşı olar ki, evdən daş, qum, dəniz, çəmənlik... bu tip şəkillər asılsın. Məni pozitiv saxlayan bu şeylərdi. Ən əsası da təbii daşlar və çaylar. Daşlardan ən çox firuzəni, zümrüdü, akvamarini, bütün rənglərdə əqiqi sevirəm. Ametist isə ruhumu sakitləşdirir. Mirvari taxanda tamam başqa bir aləmdə oluram. Hər bir daşın özünün gücü var. Bu daşları taxdıqca şahidi oluram ki, hərəsi adamı başqa bir dünyaya aparır. Bir şey də deyim, bəlkə kiminsə işinə yarayar. Daşlar neqativi özünə yığdıqda, onların bəzisini suya qoyuram, bəzisini torpaqda basdırıram.
- Hansıları suya qoyursunuz, hansıları torpağa basdırırsınız?
- Dənizdən çıxanları suya qoyuram. Dağdan çıxan daşları isə dibçəklərimin dibinə basdırıram. Düzdü, həmin mənfi təsir güllərimi soldurur, amma daşlarımı canlandırır. Buna ürəyim ağrıyır, ancaq inanın ki, candan əziz heç nə yoxdur. Doğurdan yaşamaq çox gözəldi - əli ilə ətrafdakı daşları göstərir – görün, nə qədər gözəllik var. Bu daşların hamısını hiss edirəm... balıq kimi. Bəzən buna görə mənə normal baxmırlar.
- Əslində, deyirlər ki, balıq bürcünün qadınları romantik olurlar. Ancaq siz romantik qadına oxşamırsızınız.
- Necə romantik olum? Hansı işimlə? Səhərdən-axşama kimi işləyib, problemləri həll etməliyəm. Nələrsə yaratmalıyam. Ailəm var, oğlum var... Daim fikirləşməliyəm. Bu mənim efirə kimi yaşadıqlarımdı. Ancaq efirə çıxdımmı, vəssalam, var gücümü efirə verirəm. Efirdən sonra isə ancaq yatmaq haqqında düşünürəm.Bilirsiz, daimi xoşbəxtlik yoxdur. Sadəcə, xoşbəxt anlar var. O anı yaşayanda “xoşbəxt qadınam” deyirsən. Ancaq bu davamlı ola bilməz axı. Əsas da indiki dövrdə. Ətrafınıza baxın da, bircə nəfər “xoşbəxtəm” deyən qadın göstərin mənə. Xoşbəxt ana, övlad, bacı olmaq olar. Ancaq xoşbəxt qadın olmaq mümkünsüzə tay bir şeydi. Hər kəsin bəzi şeylərdə xoşbəxt tərəfləri ola bilər. Məsələn, mən bu baxımdan xoşbəxtəm ki, içimdə söz saxlamıram, hamısını deyirəm. Sözü üzə rahatlıqla deyə, kəskin ola bilirəm. Xoşbəxtəm ki, oğul anasıyam, əsgər anasıyam, tələbə anasıyam. Xoşbəxtəm ki, çalışdığım qədər valideynimə layiqli övlad, bacıma layiqli bacı olmaq istəmişəm. Ancaq bütövlükdə mən xoşbəxt qadın deyiləm. Bunu niyə gizlədim ki? Həyat teatr biz aktyorlarıqsa, o zaman rolunu layiqli oyna. Səhnədən gedişində layiqli olsun. Hər adam o gedişi bacarmır. Çünki oynadığı vaxtda da saxtakarlıq edir. Saxtakar insanları sevmirəm və onun özünə bildirirəm. Bəlkə də bildirdiyim üçün məni istəməyənlər çoxdur. Ancaq qoy onlar çox olsun.
- Niyə?
- Çünki yaxşıları içindən asanlıqla seçə bilirəm.
Tahirə Əlirzayeva \ Metbuat.az
Foto: Sərvan Şəldiyev