Əsəb, prostat, babasil, sonsuzluq, allergiya xəstəlikləri hansı bitkilərlə sağalır? - Elnur Eldaroğlunun həyat qurtaran məsləhətləri
Metbuat.az-ın budəfəki qonağı tanınmış terapevt Elnur Eldaroğludur.
- Həkim, öncə bir az özünüz və mütəxəssisi olduğunuz sahə barədə oxucularımıza qısa məlumat verək.
- Bu günə qədər Rusiya, Ukrayna, Almaniya, Çin və Türkiyədə olub, həmin ölkələrin bu sahə ilə bağlı təcrübələrini mənimsəmişəm. Sonra təbabətlə - apiterapiya (arı terapiya) ilə məşğul olmağa başladım. Arı məhsulları ilə müalicə müasir tibdə də yer alır. Bu müalicə üsulu ilə Avropada ən yaxşı Rumıniya məşğul olur. Növbəti planım ora getməkdir. Əslində, bu işlərlə qeyri-tiibçilərdənsə, təhsilli həkimlərin məşğul olması daha yaxşıdır. Təəssüf ki, indi bütün dünyada tibb təhsili alanlara təkcə dərman vasitələri öyrədilir. Hətta hansısa dərmanın tərkibinin bitkidən olub-olmadığını soruşduqda, bəzi müəllimlərimiz bizə gülürdülər. İndi həmin müəllimlərdən yanıma xəstə kimi gələnlər var.
- Sizə elə gəlmirmi ki, təbabətlə məşğul olan həkimləri digər “kəsib-tökən” həkimlər qəbul etmirlər, belə deyək, dışlayırlar...
- Bilirsiz, təbabətlə daha çox tibbi təhsili olmayanlar məşğul olur. Peşəkar həkimlər məşğul olsa, məncə, qıcıq yaranmaz. Biri deyir, 10 günə böyrək daşını əridirəm. Bu da həkimlərdə qıcıq yaradır. Elə mən özüm də inanmıram. Mənim atam da həkimdir, amma məni təbabətlə məşğul olduğuma görə dışlamadı. Əksinə, ətrafımdakı həkimlər oxuduğum kitablardan bəhrələnməyə çalışırlar. 2012-ci ildə Bakıya qayıdıb bu işə başlayanda həkim dostlarımın hərəsi bir tərəfdən “bu boyda əziyyət çəkib oxumusan, bitki-filan nədi yazırsan” dedilər. İndi özləri də bitkilərdən istifadə edirlər. Amma bunu mediada təbliğ etmirlər. Bu o demək deyil ki, dərmanları bütünlüklə rədd edirəm. Elmi işim dərmanlarla bağlı olub, ancaq indi bitkilərdən yazıram. Təxminən 10 ay bundan qabaq mədəqoruyucu dərmanlarla bağlı konfrans keçirildi. Konfransda 89-90-cı illərdən istifadə olunan mədəqoruyucu dərmanın üzərindən xətt çəkildi və yenisi təqdim olundu. Atam qastrentroloqdur, ona dedim ki, bax, neçə illərdi mədə xorasını həmin dərmanla müalicə etmisən, artıq dayandırdılar. 15-20 ildən bir dərman firmaları hansısa bir tenderi udurlar və bunu tibdə dərslik kimi istifadə olunan məşhur kitablara sala bilirlər. Hər il minlərlə tələbə həkim kimi fəaliyyətə başlayır. Onlar da həmin dərmanı öyrənib, tanıyırlar.
- Mümkündürsə, bu gün cəmiyyətimizdə geniş yayılmış bəzi xəstəliklərdən danışaq. Məsələn, ürək-damar tutulmasından. Bu xəstəliyin müalicəsi zamanı hansı bitkilərdən istifadə edirsiniz?
- Bir xəstəm var, onun müalicəsində at şabalıdının spirtdə çıxarışından istifadə edirəm. Damarın 60%-i tutulmuşdu. İndi baxıram ki, həmin tıxacdan əsər-əlamət qalmayıb. Bu artıq təcrübədə özünü göstərib. At şabalıdının tərkibindəki espuzan maddəsi ayaq damarlarının genişlənməsi probleminin müalicəsində istifadə olunurdu. Qandurulducu kimi çox gözəl təsir edir.
- Bu gün kütləvi problemlərdən biri də əsəb problemidir. Əsəb xəstəliyinin yayılması cəmiyyətdə də ciddi fəsadlar yaradır. Hansı otları dəmləyib içsək, əsəbsakitləşdirici təsir edər?
- Bir neçə cür əsəb xəstəliyi mövcuddur. Bu problemin özü də müəyyən xəstəliklər yaradır. Əsəb bəzən müəyyən xroniki xəstəliklərdən, bəzən də insanın yaşadığı mühitdən yaranır. Əsəbdən yaranan spazmaları aradan qaldırmaq üçün istifadə olunan bitkilər nanəkimilər fəsiləsinə aiddir - istiotlu nanə (nanəcövhər) və melisa (oğulotu ya ballınanə). Yuxu yaradaraq əsəbi sakitləşdirən iki ən güclü bitki isə damotu (pustırnik) və pişikotudur (valeriyan). Gərginliyi azaldan əsəb sakitləşdirici kimi lavanda (qarabaş), mayasarmaşığı və ya mayaotunun qozasından istifadə olunur. Həmçinin stress zamanı ürək döyüntüsü çox olanlar yemişanın meyvəsindən istifadə edə bilərlər. Deprissiyalı insanlara isə ən tez təsir edən dazıotu bitkisidir.
- Bu gün ən çox yayılan xəstəliklər arasında prostat, yumurtalıq problemləri, babasil, qəbzlik və s. kimi xəstəliklər də var. Bu problemlərlə daha çox oturaq iş rejimində çalışanlar rastlaşırlar. Təbabət bu xəstəliklərlə bağlı insanlara necə kömək edə bilər?
- Bu suala ümumi cavab verməyə məcburam. Çünki prostat vəzi problemləri xüsusi qruplara bölünür. Onunla uroloqlar məşğul olur. Prostat problemləri yaşdan asılıdır. Ümumi götürsək, ən çox çörəkotu toxumu, cırtdan palma (sabal palması), gicitkan toxumu və yağotu (ilançay) istifadə edirəm. 40 yaşdan sonra qan dövranını yaxşılaşdırmağa balqabaq və yemişan bitkisi gözəl təsir edir. Bəzən sidik kisəsi və sidik yollarının xəsətlikləri, yəni iltihablanma zamanı çölqatırquyruğu və tozağacından istifadəni məsləhət edirəm. Xalq təbabətində zaman-zaman bu problemin müalicəsində fındığın qabığından istifadə olunub. Mənim gördüyüm budur ki, fındıq qabığı daha çox yaşlı xəstələrdə effektli təsir göstərir. Yaşı 45-dən yuxarı olanlara. Ümumiyyətlə, 40-45 yaşında olan prostat xəstələrinin qandan “PSHA” deyilən analizi verməsi məsləhətdir. Bu analiz prostatdakı problemin sonradan bədxəssaslə şişə çevrilmə ehtimalının olub-olmadığını müəyyənləşdirir.
Sualınızın digər hissəsinə gəldikdə isə... Bu gün bitkilərlə müalicədə ən gözəl nəticə aldığım xəsətliklərdən biri də qəbzlikdir. Qəbzliyi aradan qaldırmaq üçün bir çox təbii effektli üsullar var.
Oturaq şəraitdən isə daha çox xarici babasil yaranır. 4 dərəcəsi var. Sonuncu dərəcə əməliyyatla aradan qaldırılır. 1-2-ci dərəcələrdə əməliyyata ehtiyac yoxdur. Şam şəklində evkaliptdən, yaxud arı mumunda hazırlanmışından çox yaxşı effekt almışam. Qanama yoxdursa, at şabalıdı yaxşı təsir edir. Onu da qeyd edim ki, bağırsaqdan al qan gələrsə, bu babasilin qanıdır. İfrazat kütləsinə qarışmış qandırsa, aşağı bağırsağın qanamasıdır. Nəcisdə az-az kimi görünən qan isə mədə və 12 barmaq bağırsağın xorasının qanamasıdır. Bunların yaşla bağlı xırdalıqları var. Babasil qanaxmasında boymadərən bitkisindən geniş istifadə etmişik və yaxşı da effektini görmüşük. Həmçinin qəbzlik də varsa, onu mütləq aradan qaldırmaq lazımdır. Çörəkotudan, bağırsaq sərtliyində kətan toxumundan, öd və mədəaltı vəzi problemində solmazçiçəyindən, alaqanqal toxumundan istifadə edirəm. Xəstəliyə kompleks yanaşdıqda daha yaxşı effekrt almaq olur.
- Bəs prostat xəstələrinə nə zaman əməliyyat yazılır?
- Bu ölçüdən, klinik əlamətindən və dediyim analizdən asılıdır. Ümumiyyətlə, qadınlarda süd vəzisi, kişilərdə prostat çox zərif nöqtələrdir. Orqanizmimizdə xəstəliklərə ən həssas nahiyələrdir desək, yanılmarıq. Qadınlarda süd vəzisində mastepatiya olduğu kimi, kişilərdə də prostat vəzisi çox tez kristallaşa, fibrozlaşa, iltihablaşa bilir. Buna görə də qorunma terapiyasını daha üstün sayırıq. Kəskin vəziyyətdə müraciət edən xəsətəyə “bu bitkini iç, tez sağalacaq” deyə, bir şey söyləmək olmaz. Çünki kəskin xəstəliyə kəskin müalicə lazımdı.
- Bəzən insanlar məsələn, öd daşından əziyyət çəkir. Ancaq pula görə həkimə getmirlər. Aptekdən hansısa dərmanı alıb, içib özlərini birtəhər yola verirlər.
- İndiyə kimi 218 öd daşı əritmişəm, ancaq onu deyim hər adamda ərimir. Elə bir insan olmasın ki, uşaqlıqda qida zəhərlənməsi və bundan yaranan ishal olmasın. Həmin zaman müəyyən antibiotiklər var ki, onlar şiddətli dərəcədə istifadə olunur. Orqanizmdə hər şey qaydasına düşür, ancaq Salmanella deyilən bakteriya həmin vaxt öddə gizlənərək, illərlə orada yaşayır. Ən son araşdırmalara görə, həmin bakteriya və parazitlər zamanla öddə daş yarada bilirlər.
- Mövsimi allergiya da çox yayılıb. Buna necə müdaxilə edə bilirsiniz? Əsas səbəbi necə aradan qaldırılır, müalicəsi necə aparılır?
- Ən əvvəl alegiyayanın mənşəyinin öyrənilməsi lazımdı. Elə alergiya var ki, yaranmasına məhz bitki səbəb olur. Alergiyanın yaranmasına çox şey səbəb ola bilər. Hətta hava da. Elə orqanizm var ki, qanı buna qarşı mübarizə apara bilmir. Bu irsi faktor da ola bilər. Dərinin həssaslığı da səbəb olar. Bir də orqanimzdə tosqun hüceyrələr var, onlar güclü olmadıqda alergiya yarada bilir. Ümumi desək, 3 bölümlü yatıq qanqal bitkisindən, bənövşə otundan və üçrəng bənövşədən də yaxşı nəticə almışam. Bu bitkilər daha çox alergik bronxit, alergik dermatitlərdə yaxşı nəticə verir. Astmalar üçün daha çox arı məhsullarından vərəmumun spirtdə, həm də suda çıxarışından istifadə etmişəm. Bir də çörəkotu, keçibuynuzu meyvəsinin dəmləməsi və şirin biyankökü yaxşı nəticə verir. Təcrübəmdə 6-9-16-23 yaşlı alergik xəsətlərimi tam sağaltmışam. Belə xəstələrə birinci şərtim o olur ki, nəyə qarşı alergiya varsa, ondan uzaq olsunlar. Bir də ki, qanda tənəffüs və qida testindən keçsinlər. Həmçinin yaz-payız qripi kimi xəstəliyə tutulmanın qarşısını alan üsullardan istifadə etsinlər.
- Yediyimiz, içdiyimiz qidalar heç xəbərimiz olmadan böyrəklərimizə zərbə vurur...
- Bəli, bu gün böyrək daşı problemi və böyrəyin alergik immunoloji xəsətlikləri geniş yayılıb. Belə xəstələrdə əlamət ayaqların, göz qapaqlarının şişməsidir. Həmçinin qanda kreatinin miqdarı qalxır. Böyrəkdə 3 cür - oksalat, urat, fosfat daşları yaranır. Hər daşın özünün yaranma mühiti var. Biz o mühitin formalaşmasının qarşısını almalıyıq ki, daş əmələ gəlməsin və ya ərisin. Bitkilərdən boyaqotu, ortosfon, günəbaxan kökü, qaragilə meyvəsi, toxumsuz lobyanın qını, qarğıdalı saçağı istifadə olunur. Böyrəyi qoruyan bitkilər qırxbuğum və ziyilli tozağacıdır. Bəzən daşlarla yanaşı, ayağın baş barmağında qızartı, şişginlik və ağrı (podaqra) yaranır. Tibdə buna qarşı aspirindən istifadə edilir. Ancaq mən söyüdün qabığından istifadə edirəm. Çünki asprinin özü söyüd qabığından hazırlanır. Üstəlik asprininin 3-4 dənəsini içəndə mədə xorasının yaranmasına səbəb ola bilir.
- Bu gün qadınlarda tez-tez yumurtalıqda polikistoz, endometrioz, endometrial kistalara rast gəlinir...
- Endometrioz kistaya menepoz dövrünü yaşayan qadınlarda rast gəlinir. Şokolat kistası aşağı yaşlarda rastlanır, əlacı ancaq əməliyyatdır. Yumurtalıqda polikistoz (ştemleventol) sonsuzluq yarada bilir. Belə bir misal çəkim: bir də görürsüz qarabuğdayı bir xanımdı, sonsuzluğu var. Həmçinin yumurtalıqda kistaları var və mens gecikməsi olur. Bir az əsəbi olur, insulini də olduğundan artıq çəki alıb. Bunun hamısının səbəbi hormonal balansın pozulmasıdır. Belə halda ən yaxşı istifadə etdiyim ərküdə, adaçayı (şalfe) və aslan pəncəsi bitkisidir. Həmçinin süd vəzi problemlərində də ərküdədən istifadə edirəm. Endometrial kistlərdə və uşaqlıq boyunu xəsətliklərində, uşaqlığın miomalarında orteliya (borovaya matka), radiola ( krasnaya şotka) bitkisi çox gözəl effekt verir. Bir məlumat da deyim, bu bitkilər Altayda bitir. Orda qadınlar bu bitkilərdən çox istifadə edirlər deyə, 48 yaşında da hamilə qalırlar.
- Eroziya zamanı necə? Hansı bitkilər məsləhətdir?
- Adından məlum olduğu kimi “eroziyon” “dağılma” deməkdir. Bura reparatorlar, yəni təmir edən bitkilər məsləhətdir. Bu problemin aradan qaldırılmasına çaytikanı və aloyedən hazırlanan şamlar yaxşı təsir edir.
- Bu gün ailə qurub, uşaq problemi yaşananların əksəri mens problemi yaşayan qızlarıdır.
- Belə qızlarda qanda prolaktinin faizi çox olur. Bu halda qızlar 3 ay adət dönəmi görmür. Bəzən səhərlər duranda baş ağrısı, əsəbiləşmə, ürək bulanması yaranır. Buna görə də yaxşı olar ki, 3 aydan çox mensturasiya görməyən qızlar, qanda prolaktini yoxlatsınlar. Əgər analiz nəticəsində normadan yüksək çıxarsa, müalicə başlanmalıdır. Müalicə nəticə verməzsə, hipoviz vəzinin yoxlanması lazımdır. Çünki belə halda hipoviz vəzi də böyümüş ola bilər. Prolaktinin səviyyəsi yalnız süd verən analarda olmalıdır ki, südü çox olsun. Qız uşaqlarında isə bu hətta döşdə şişlərə kimi gətirib çıxara bilər.
- Zob problemi olanlar neynəsin?
- Qadınlarda qalxanvari vəzi komandir rolunu oynayır. O süd vəzinə, beyinə, istər kişi, istər qadın cinsi hormonlarına təsir göstərir. Onun icazəsi olmadan kimsə hamilə qala bilməz. Bəzən belə də olur ki, orqanizmdə yod var, ancaq bədən onu istifadə edə bilmir. Belə zoblara “autimun tiroid” deyilir. Autimun, xaşato troidində qaya duzundan (Naxçıvan duzu, Himalay duzu) istifadə edilərsə, heç bir dərmana ehtiyac olmaz. Yüksək yod azlığında isə qozun iç pərdəsi propolislə spirtdə məhlulu yaxşı təsir edir. Daha çox dəniz kələmi, yosun istifadə etsinlər. Sağala bilməyən xronoloji xəstəliklərin 2 ən böyük səbəbi endokrinoloji hormonal və nevroloji problemlərdi. Bunlar ikisi birləşdikdə daha böyük problemlər yaradırlar.
- Son dönəmlər menstural ağrılardan şikayət edən qızların da sayı artıb.
- Buna “mitel şmirs” deyilir. Mens zamanı bəzən miqren ağrıları çox olur. Alternativ tibdə “Hicavma” deyilən metod var. Bu küpə üsulu ilə qanalma metodudur. Türkiyədə çox istifadə olunur. Kürəkdə, boyunda, ayaqda, çanaqda küpə ilə qan alma üsuludur. Yerudo terapiyası (zəli terapiya) isə mestural vəziyyəti yaşamayanlara xeyirlidir. Herudo terapiyanı da qanda laxtalanmanı yoxlayıb, etmələri məsləhətdir.
- Sonda zəhmət olmasa, oxucularımıza sağlam qidalanma ilə bağlı məsləhətlərinizi verin.
- Hər bir qidadan istifadə etmələri məsləhətdir. Çünki bitki zülalı və heyvani zülal var. Ancaq hər orqanizmin özü insana xəbər verir ki, ona nə lazımdır. Saçın tökülüb, dırnağın kövrəkləşib, dəri quruyursa, bu insana su və mineral lazımdır. Buğda cücərməsi, qorğa, noxud, çörəkotu, lobya, küncüt istifadə etmələri məsləhətdir. Həmçinin, təbii meyvə şirələri istifadə etməlidirlər. Turşuluğu çox olanlar qələvi, qələvisi çox olanlar isə turş şirələr içsinlər. Deyirlər ət ziyanlıdır. Ancaq orqanizmdə B12 vitamini var, heç bir bitkidə yoxdur. Bircə onu bilsinlər ki, qırmızı ət insanı tez qocaldır. Yesinlər, ancaq mütləq ondan gələn enerjini xərcləsinlər. Daha çox kələ-kötür yerdə gəzmələri məsləhətdir ki, oynaqlar, qığırdaqlar hərəkət etsinlər. Bunu xüsusi vurğulayım ki, Azərbaycan millətində D vitamini qıtlığı var. Yaponiyadan həkim dostum gəlmişdi. Onu hər səhər Nizami küçəsinə düşürürdüm, axşam götürürdüm. Söhbət zamanı mənə dedi ki, sizin insanlardan xoşum gəlmədi. Niyəsini soruşdum. Dedi neqativ, bədbin insanlardı. Və onun səbəbi problemlərin çoxluğu deyil. Dedi, gedin D vitamininizi yoxlatdırın. Bu həkimin sözündən sonra ətrafımdakı 20 həkimlə birlikdə səhər, acqarına D3 vitaminindən analiz verdik. 2 nəfərdə normal çıxdı. Mən özüm həmişə qidalanmama diqqət etmişəm, ancaq məndə də az çıxdı. Bunu əlaqələndirdilər ki, bizdə günəş şüası azdı. Məsləhət edərdim, ağ küncütdən, buğda cücərtisindən, dəniz məhsulları və günəş vannalarından istifadə etsinlər. D3 orqanimzdə çatışmazsa, qalxanabənzər vəzin yanında parat hormon vəzinin funksiyası pozular. Bu da ciddi fəsadlar yaradar.
Müsahibə zamanı çəkilişə yaratdığı şərait üçün AQAT təbii daş-qaşlar mağazasına təşəkkür edirik. Fotolar AQAT mağazasında çəkilib.
Tahirə Əlirzayeva
Foto: Sərvan Şəldiyev