Xəbərlər

"Gördüm ki, Heydər Əliyevin şəkli divarda yoxdur, əsəbiləşdim" - İlqar Cahangir / MÜSAHIBƏ

"Gördüm ki, Heydər Əliyevin şəkli divarda yoxdur, əsəbiləşdim" - İlqar Cahangir / MÜSAHIBƏ
26.01.2018

Son zamanlar Azərbaycanda serialların inkişafı az da olsa nəzərə çarpır. Elə bu seriallar nəticəsində istedadlı aktyorlar məşhurluq qazanmağa başlayır. Son bir neçə ilin ən məşhur serial qəhramanı olan əməkdar artist İlqar Cahangiri yaxından tanımaq üçün əlimizə yaxşı fürsət düşdü. Nizami küçəsindəki “Aqat Təbii Daşlar” mağazasında görüşüb, olanlardan-keçənlərdən söhbət etməyə başladıq:

 

 

(Müsahibə zamanı sevimli aktyor uşaqlıq illərindən, əsgərlik və tələbəlik xatirələrindən danışdı. Oxucular üçün maraqlı məqamlar olduğunu düşünürük.)

- İlqar bəy, gəlin, sizin doğulduğunuz Ceyranbatan qəsəbəsindən başlayaq. Paytaxta bu qədər yaxın olsa da, özündə mühafizəkar kənd abu-havasını qoruyub saxlayan bir məkanda doğulmaq, böyümək sizin taleyinizdə hansı izləri qoydu?

- Mən Ceyranbatanda doğulmuşam. Atamgil əslən Yardımlıdan, anam tərəf isə Cəlilabaddandır. Böyük əmim İkinci Dünya Müharibəsindən əvvəl Bakıya gəlib. Savaşdan sonra rayonlarda bir az yaşayış yaxşı olmayıb. Çətinlik, aclıq… Bir az problemlər olub. Atam atasız-anasız olub. Babam 1942-ci ildə elə savaşda həlak olub. Nənəmiz isə hələ savaş başlamazdan öncə, atamın iki yaşı olanda rəhmətə gedib. Atamgil müharibə bitəndən sonra gəlib Bakıya. Bir müddət Bakıda, hazırki 5 nömrəli xəstəxana ilə üzbəüz yaşayıblar… Atam məktəbi bitirəndən sonra hərbi xidmətə gedib. Əsgərlikdən qayıdıb ki, böyük əmim rayona köçüb. Ceyranbatan o vaxt təzə tikilirmiş. Sumqayıt hələ təzə şəhər kimi salınırdı. Ortancıl əmim Ceyranbatana gedib. Atam hərbi xidmətdən birbaşa Ceyranbatana qayıdıb. İki qardaş orada yaşayıblar. Əmim ailəli olub. Atam bir az gec evlənib, 30 yaşında, sürücülüklə dolandırıb ailəsini. O qəsəbədə tam rayondan gələnlər məskunlaşıb. İndinin özündə də orada Bakı ətrafından, Bakı kəndlərindən gələn barmaqla sayılası ailələr var. Ceyranbatan qəsəbəsində anadan olmaq mənim qismətim idi. Sovet dili ilə desək, fəhlə ailəsində doğulmuşam. Anam evdar qadın olub. Şəhərdə anadan olsaydım, ola bilərdi ki, tam fərqli bir həyat yaşayardım. Bəlkə də, heç aktyor olmaya bilərdim. Qəsəbənin abu-havası və evimizlə üzbəüz yolun o tayındakı Mədəniyyət evi aktyor olmağımda iz qoyub. Mədəniyyət evində dərnəklər, xalq teatrları vardı. Məhz o dərnəklər mənim aktyor olmağıma bir stimul oldu, mənə yol açdı. Uşaqlığımın Mədəniyyət evində keçməsi, musiqi məktəbinə getməyim bugünkü aktyoru yaratdı. Bəlkə də, şəhərdə, məsələn, Sovetskidə, yaxud Kubinkada yaşasaydım, başqa cür ola bilərdi.

Dəcəl uşaq olmusunuz?

- Yox, yox, mən dəcəl olmamışam. Küçədə uşaqlar məni döyəndə, iki yaş məndən kiçik olan qardaşımın üstünə şikayətə gedirdim. Nizamlı-intizamlı uşaq olduğumdan müəllimlərimin də mənə böyük inamı vardı. Sinif yoldaşlarım siqaret çəkirdi, sinfə girəndə bütün siqaretləri mənim cibimə qoyurdular. Bilirdilər ki, müəllimlər mənim ciblərimi yoxlamayacaqlar. Məndən başqa sinifdəki bütün oğlanların cibləri axtarılırdı. Düzü, orta məktəbi elə də yaxşı oxumamışam. Oxuduğum ədəbiyyat, tarix, coğrafiya olub. Yəni, humanitar yönümlü fənnlər. Dəqiq elmlərdən elə də savadlı deyiləm. Uşaqlıqda günüm elə Mədəniyyət evində keçirdi. Ansamblımız vardı. Özüm nağara məktəbini qurtarmışdım. Yeniyetməlikdə də siqaret çəkməmişəm, içki içməmişəm. 45 yaşımadək heç pivənin də dadını bilməmişəm. Yenə də həmişə bir təşəbbüskarlığım olub. Mənə elə gəlir ki, elə bu xüsusiyyətim məktəbdə də, institutda da, işdə də mənə qarşı xüsusi münasibət formalaşmasına səbəb olub. Məktəbdə uşaqlar dalaşanda onları barışdırmışam. İnstitutda yığıncaqlara getməyən, yaxud evdən icazə ala bilməyən tələbənin üstünə məni göndəriblər ki, get, sözünü yerini salmaz. Elə də olub, sözüm yerə düşməyib. Bir növ, uşaqlıqdan bəri kollektivlərdə simvolik ağsaqqal olmuşam. Yəni, mənim nizam-intizamım, ciddiliyim bunu formalaşdırıb.

- Sovet dövrünün uşaqları ilə indiki uşaqların əyləncələri də fərqlidir. İndikilər kompyuter oyunlarına daha çox vaxt ayırır, texnoloji inkişafla ayaqlaşmağa çalışırlar. Sizin dövrünüzdə evdən qaçıb oynadığınız oyunlar hansılar idi?

- Ceyranbatan gölə yaxındı axı. Bizim uşaqlıqda “Palçıq-palçıq” oynamağımız vardı. Palçığı yumrulayırdıq, asfalta çırpırdıq. O da partlayırdı. Bax, o oyun son vaxtlarda da yadıma düşüb. Özü də o palçığı xüsusi yerlərdən gedib gətirirdik. Həm də biz o vaxt Amerikan kinolarından təsirlənirdik. Özümüzü hindulara oxşatmaq üçün, qamışdan qayıq düzəldərdik, oxlar düzəldərdik. Taxta xizəyimiz də olub. Bu yaxında Tbilisidə gördüm ki, divardan taxta xizək (samokat) asıblar, dizayn ediblər. Dedim yox, bizim xizək belə deyildi. Onlarda bütöv taxta idi, amma bizdə üçbucaq formasında idi. Atam sürücü idi, onların qarajları vardı axı. Atam oradakı anbardan mənimçün “paçemnik”lər gətirirdi. Mən də taxta xizəyimə düzəldərdim. Bir də “Aşıq-aşıq” oynayardıq. Mən elə də yaxşı aşıq oynaya bilmirdim. Dağlı qonşularımız vardı, onlar aşığı yaxşı oynayırdılar. Bizim bir oyunumuz da vardı, “şarik-şarik” deyirdik. Yumru şüşə idi. Dəmir yolundan yığardıq onları. O şüşələri bir-birinə vurardıq. Kim vurardı özünə götürərdi. Təxminən, “Aşıq-aşıq” kimi. Cəlilabada gedəndə uşaqlarla “Dizədöydü”, “Qayışgötürdü” oynayardıq xırman yerində. Cızıq çəkirdilər qayışla vurardılar. Biz də oyunu bilmirdik deyə xamlayıb bizi ortaya salırdılar.

- Siz məktəbli ikən Məmməd Əmin Rəsulzadəni və ya digər Cümhuriyyət qurucularını tanıyırdınızmı?

- Ümumiyyətlə, tanımırdım. Hətta əsgərlikdə bizim tankın lüləsi Türkiyəyə tərəf idi. Mən əsgərlikdən gələnə qədər Türkiyəni NATO-ya üzv olduğu üçün düşmən bilirdik. Heç bir şey də oxumamışdım, heç nə bilmirdim. Mən 1988-ci ildə kitab oxumağa başlamışam. Əsgərlikdən gələndə bir az xəstələnmişdim. Son vaxtlarda poliqonda, meşədə qalmışdıq. Böyrəklərim bir az soyuqlamışdı. 1988-ci ilin yanvar-fevral aylarıydı. Mən Sumqayıtda xəstəxanada da yatıb müalicə olunurdum. Orda bir əhvalat danışırdılar. Deyirdilər ki, hansısa rayonda qucağı uşaqlı bir ana avtobusa minir. Sürücü də erməni imiş. Uşaq ağlamağa başlayanda sürücü deyir ki, uşağı kirit! Uşaq kirimir. Sürücü avtobusu saxlayır, gəlib ananın qucağından uşağı götürüb avtobusun aynasından eşiyə tullayır. Bu danışılanları eşitdikcə adam nəyə inanacağını bilmirdi. Mən xəstəxanadan çıxandan üç gün sonra Sumqayıt hadisələri başladı. Bundan sonra vəziyyət dəyişdi. Bir də o dövr üçün mənə sirr kimi görünən hadisəni xatırladım. Deməli, əsgərliyə təzə getmişdim. Məndən öncə orda olan bir əsgər vardı. Elə bilirdim moldovandı. Bir gün onun məktubu keçdi əlimə. Baxdım ki, rusun я hərfi, ю hərfi ilə yazılsa da, oxuyub başa düşürəm. Rus dilində bir də soruşdum ki, məktub kimindir? Həmin oğlan dedi ki, mənimdi. Dedim, bəs, mən bunu oxuyub başa düşürəm. Güldü. Dedi ki, mən də qaqauzam da. Hamımız türkdilli millətik. Bax, orda o ifadə mənimçün yeni idi. Onda yadıma düşdü ki, 1970-ci illərin sonu, 1980-ci illərin əvvəlləri vallar vardı, oxutdururdum, türk mahnılarını anlayırdım. Demə, elə sirr bundaymış, hamımızın eyni dilə malik olmağımızda. O qaqauz oğlan sonralar da mənə öz qəzet-jurnallarından göndərirdi.

- Bəs, tələbəlik nə vaxt başladı?

- Mənim tələbəliyim də maraqlı başlayıb. Orta məktəbi yaxşı oxumadığıma görə ana dilim çox zəif idi. Xəttim də pis idi. Yazdığımı iki saatdan sonra özümə versəydiniz oxuya bilməzdim. Evdən aktyor olmağımı istəmirdilər. Mən təkid edirdim. Gəldim ilk dəfə 1984-cü ildə imtahan verdim. İxtisasdan iki 3, bir 4 aldım. Yazılıdan kəsildim. İkinci il də ixtisasdan iki 4, bir 3 aldım, yenə yazılıdan kəsildim. Yaşımın ay fərqinə görə iki dəfə imtahan vermək imkanım olmuşdu. Sonra hərbi xidmətə getdim. 1985-1987-ci illərdə hərbi xidmətdə oldum. Altı ay Ukraynada oldum. Tank sürürdüm. Sonra Çexoslovakiyaya göndərdilər. İl yarım da orda xidmət etdim. 1987-ci ilin noyabrında əsgərlikdən gəldim. 1988-də Qarabağ məsələləri başladı.

- Əsgərlikdə qarşıdakı hadisələrin gedişatı hiss olunurdumu?

- Əsgərlikdə “Lenin otağı” deyilən otaq vardı. Orada əsgərlər kitab oxuyurdu, istirahət edirdi. Orada da SSRİ KP-nın bütün şəkilləri vurulmuşdu. Qorbaçov, Heydər Əliyev, sonra o birilər. Heydər Əliyev o sırada ikinci idi. Bir dəfə poliqondan gəlib gördüm ki, Heydər Əliyevin şəkli çıxarılıb. Əsəbiləşdim. Soruşdum ki, kim eliyib bunu. Bir mayor əlini qoydu çiynimə. Dedi ki, sizin Əliyevi işdən çıxartdılar. Bir dəfə də bir polkovnik bizi - azərbaycanlıları təhqir elədi. Mən də rus dilini təmiz bilirdim. Dedim ki, niyə bizə söyürsünüz?.. Yəni, yavaş-yavaş hiss olunurdu ki, münasibət dəyişir.

- Siz əsgərlikdən qayıdanda Azərbaycanda vəziyyət necə idi?

- Sumqayıt hadisələrindən sonra məndə milli kimliyimiz haqda daha dərin məlumat almaq istəyi yarandı. Başladım axtarmağa, oxumağa. 1988-ci ilin noyabrında 11 gün mitinqdə iştirak etdim. Noyabrın 30-da bacım rəhmətə getdi. Mitinqdən çıxdım. 1988-ci ildə də imtahana girdim. Yenə yazılıdan kəsildim. Dayımın imkanı yaxşı idi. Adam tapdı ki, məni instituta qoydursun. Dedim yox ey, mən bu instituta özüm imtahan verib girməliyəm. 1989-da instituta daxil oldum.

- Deməli, sizin tələbəlik illəriniz müstəqilliyimizin ilk və ağır illərinə təsadüf edir…

- İnstituta qəbul olduqdan sonra vəziyyətin gərginliyi daha artıq hiss olunmağa başladı. 1990-cı ilin 20 Yanvar günü biz də küçələrdə idik. İki gün idi evə getmirdim. İndiki 20 Yanvar metrostansiyasından şəhərə çıxdım. O vaxt oranın adı XI Qızıl Ordunun şərəfinə adlandırılmışdı. Gördüm, indiki “Azərsu”nun qabağında ocaq qalayıblar. Hamı yığışıb ora. Əlimizi bir az isidib qalxdıq piyada “Şamaxinka”ya. Yollar bağlanmışdı. Azca yer vardı ki, yoxlayıb maşın buraxırdılar.

Bir az da oralarda dayandıq. Hardasa saat axşam səkkizə işləyirdi, üç-dörd nəfər idik, piyada düşdük dəmiryolu körpüsünə qədər. Bir “Jiquli” saxladı, bizi apardı Xırdalanın dairəsinə kimi. Ordan da avtobusla evə getdim ki, azca istirahət edim. Güllə səsləri evdə eşidilirdi. Yola tərəf gedəndə ağsaqqallar qoymadılar ki: “Yola çıxmayın!”.

Haradasa saat 10, 11-in yarısı idi. Biz yola çıxmağa ehtiyat elədik. Həmin gecə Bakıda o qanlı hadisələr oldu. Səhərisi də valideynlərimiz bizi eşiyə buraxmadı. 22-i gəldik Bakıya. Bizim tələbə yoldaşımızdan biri də rəhmətə getdi...

- Qarabağ müharibəsinin qızğın vaxtlarını, 90-cı illərin acılarını necə xartırlayırsız?

- Əslində, bir həqiqəti də sonradan öyrəndim - qədim bir türk ailəsi ənənəsini! Müharibə başlamışdı. 1992-ci il idi. Bir gün anam dedi ki, evdə olarsız, atanız sizinlə söhbət edəcək. Evdəydik, atam bir az gec gəldi. Anam dedi ki, atan çağırır sizi. 5 otaqlı ev idi. Atam zalda oturmuşdu. Girdik, gördük ki, atam oturub. Anam içəri girəndə anama dedi ki, çıx bayıra. Biz ayaqüstə idik. O, oturmuşdu. Xeyli bizə baxdı, 5-10 dəq ayaqüstə dayandıq. Sonra başıyla işarə etdi ki, oturun. Oturduq. Atam başladı danışmağa:

- Müharibə başlayıb. Üçünüzdən biri müharibəyə getməlidi.

- Mən tələbə idim. Ortancıl qardaşım da nişanlıydı. Rəhmətlik kiçik qardaşım durdu ayağa. Mən əvvəl duruxdum. Mən, sonra da ortancıl qardaşım ayağa qalxdıq.

Atam dedi:

- Biriniz!

- Başqa heç nə demədi. Kiçik qardaşım 1972 təvəllüdlü idi. Mən 1967, ortancıl qardaşım 1969 təvəllüdlü idi.

Kiçik qardaşım dedi:

- Ata, Azad nişanlıdı, İlqar da tələbədi, mən gedirəm.

Atam dedi:

- Hazırlaş.

Beləcə, qardaşım getdi müharibəyə. 1993-cü ildə getdim bizim hərbi komissarlığa.

Dedim:

- Tankçıyam, ehtiyac varsa, mən də gedə bilərəm.

Qeyd elədilər, yazdılar. Dedilər, qeyd eləmişik, lazım bilsək, xəbər edərik. Qardaşım isə... 1994-cü il idi. Müharibənin sonlarıydı. Qardaşım rəhmətə getdi

- Allah rəhmət etsin! Hansı döyüşlərdə iştirak edirdi?

Ağdam. Axırıncı döyüşlər gedirdi. Yusifcanlı, Cəmilli, Orta Qərvənd... Valideynlərim indi də o anların kədərini təkrar-təkrar yaşayırlar.

- Qardaşınızın şəhid xəbəri gələndə hansı hissləri keçirdiniz?

- Qəsəbədə qardaşıma qədər ona yaxın şəhid gəlmişdi. Müharibədə ailə üzvü olanların hamısı, bir növ, psixoloji cəhətdən hazır idi ki, hər an qapıya şəhid xəbəri gələ bilər. İndi həmin o anı tam ifadə edə bilmərəm, tam xatırlaya da bilmirəm. Yanımda olanlar dedilər ki, xəbəri alan kimi bərk qışqırmışam. Qardaşımın adını çəkmişəm. Sadəcə dəhlizə çıxdığımı xatırlayıram. Başqa heç nə...

Anam çox ağlamadı. Heç atam, qardaşım, mən də çox ağlamadıq. Üstündən bir-iki ay keçəndən sonra hərdən görürdüm ki, atam eləcə xısın-xısın ağlayır. Mənim özüm, yadıma onunla bağlı nəsə düşəndə, kövrəlirdim. Rəhmətə getməmişdən qabaq - mart ayında qardaşımın dostunun meyiti gəlmişdi. Elə o xəbərdən sonra özümü narahat hiss edirdim. Maşına minirdim ki, Ceyranbatana gedim, yolda düşürdüm, piyada gedirdim. İki-üç dəfə marşrutda hönkürüb ağlamışdım. Elə bil hiss edirdim ki, nə isə olacaq. Hadisə baş verəndə çalışdıq ki, təmkinli olaq.

- Bəs mütaliəniz, hansı kitabları oxuyursuz?

- Dini kitablardan “Tövrat”ı, “İncil”i oxumuşam. “Quran”ı üç dildə oxumuşam. Krişnanın, Buddanın kitablarını da 1990-cı illərdə oxumuşam. Bir ara da sırf bədii ədəbiyyat oxudum. Teatr, kino ilə bağlı olan kitabların da əksəriyyətini rus dilində oxumuşam. Səkkiz il, ildə iki dəfə anamı Moskvaya müaliəcəyə aparırdıq. Hər dəfə də Moskavadan kitabla qayıdırdım. Ən azı 4-5 dənə kitab.

- Ən çox sevdiyiniz yazıçı kimdir?

- Rabindranat Taqoru, Selencerin hekayələrini daha çox sevirəm. Onları da əvvəllər çox oxumuşam. Son vaxtlar, son iki ildə az oxuyuram. “Norveç meşələri”ni oxumuşam. Xalid Hüseyninin “Çərpələng uçuran”ı, “Min möhtəşəm günəş”i oxumuşam.

- Sizi aktyor olaraq kim kəşf etdi?

- Mən “Pərvanələrin rəqsi”ndən sonra populyar oldum. Bu seriala qədər teatrda çox mükafatları almışdım. Teatrda çox adamın arzusunda olduğu rolları belə oynamışdım. 12 il Otellonu oynamışam. Səkkiz il Ezop oynamışam. 2 il Şah Edip oynamışam. Con Steynbekdən “Adamlar və siçanlar”da oynamışam. Deyirəm ki, 22 illik teatr təcrübəmdə “Tarqovı”dan başqa heç yerdə tanımadılar. Amma, iki aylıq televiziyadan sonra “Tarqovı”dan başqa hər yerdə tanıdılar. Televiziya adamı populyarlaşdırır. Rövşən İsaxla tələbə yoldaşıyıq. Seriallar çəkilməyə başlayan vaxtlar idi. Yeddi-səkkiz nəfər tələbə yoldaşları görüşmüşdük. Rövşən işini bilən rejissordu. O vaxt seriallara 5 milyon manat pul ayrılmşdı. O vaxt 16-ya yaxın serial çəkilib. Üzdə olan iki-üç dənəsi oldu. “Sirr”, “Məhkumlar” kimi. Sonra “Sonuncu fəsil” çəkildi. Lider TV-də bir layihə oldu. Asif Abramov çəkdi. Orda müstəntiqi oynayırdım. Axırıncı da “Ögey ana” oldu. “Dəfnə ağacı” serialında da oldum. Xəzər TV-də də bir layihə başlandı. Amma, o, çox getmədi, yarımçıq qaldı.

- Məşhurluq 45 yaşdan sonra başladı. Nələr dəyişdi?

- Həə. Mən bir az çox populyarlığa qaçan adam deyiləm. Dəyişən mənimçün o oldu ki, insanlar məni görəndə üzlərinə bir təbəssüm gəlir. Yəni, görüb tanıyanlar hörmət edir. Dünən, məsələn, çörək yeməyə restorana girdik, elə münasibət göstərdilər ki, utandım. Yaxşı, isti münasibət göstərdilər. Təbii ki, adam istəyər, işinə qiymət verilsin, sevilsin. Aktyor var ki, 20 seriala çəkilir sevilmir, aktyor var ki, bir filmlə yadda qalır, sevilir.

- Gənc aktyorlar ilə də çalışırsız. Onların gələcəyinə ümid necədi?

- Əsas meydan olmalıdı ki, insan öz bacarığını göstərsin. Mənim bəxtim onda gətirdi ki, mənim sənət müəllimlərim güclü oldu. Zəminə Hacıyeva vardı ki, institutda barmaqla sayılası sənət müəllimlərindən idi. Mənim diplom müəllimim Məlik Dadaşov, Elmira Şabanova olub. Mən o insanlardan dərs aldım. Sonra da 18 il Cənnət xanımın teatrında işlədim. Gənclər arasında da istedadlı aktyorlarımız çoxdur.

- Məncə, “Ögey ana”da İsmayılı oynayan gənc aktyor da çox istedadlıdı.

- Hə, Ziya çox istedadlıdı. Hazırda deyəsən, IV kursda oxuyur - Ziya Ağa.

- Anlayıram ki, teatra sizi sevgi balayıb. Çünki orada maddi gəlirin az olduğunu bilirəm..

- Təbii ki. O vaxt da, indinin özündə də, teatrda maaş həmişə az olub. Bu, bizim sənətimizdi. Sözün düzü, mənim əlavə işim olub. Toylarda, ad günlərində video operator olmuşam. Sonra disklərin yazılması... 2000-ci illərin ortalarınadək bu işlə də məşğul oldum.

- İndi necə,seriallardan sonra maddi vəziyyət düzəldimi?

- Hazırda Ceyranbatanda yaşayıram. İşə də elə oradan gəlirəm. Avtomobilim yoxdu, amma elə də narahat gedib-gəlmirəm. Avtobusla az olur gedib-gəlməyim. Çox vaxt manatlıq taksilərlə gedib-gəlirəm. Onlar da gecə olanda iki manatlıq olur. Mən valideynlərimlə birgə yaşayıram. Qardaşım köhnə evimizdə qalır. Biz həyət evində yaşayırıq. Bir qızım var.

- “Ögey ana” serialında sizi “öldürdülər”. Bu, ssenaridə əvvəlcədən vardı, yoxsa sonradan əlavə olundu?

- Tam səmimi deyim, biz serialın necə davam edəcəyini bilmirik. Olur ki, on gün çəkilişdə olmalıyıq. Doqquzuncu gündür, hələ bilmirik ki, onuncu gün yenə çəkiliş var, on birinci gün yeni serial başlamalıdı. Bilmirik, hansı səmtdə olur, hansı yönə gedir. Türkiyədə bu xəttdən istifadə edirlər. Yəni, sonradan görürlər ki, ssenarinin içində müəyyən bir xəttə tamaşaçılar daha çox meyl edir. Başlayırlar əsas xətti qoyub, məhz həmin xətii genişləndirməyə. Tam deməzdim ki, bilirdim nə olacağını. Bir dənə bildim ki, hadisələr 60 seriyaya qədər gedəcək. Ondan sonra nə olacağını bilmirdik. Serial gedə-gedə yazılır ssenari. Amma, aktyor bütün hadisələri əvvəlcədən bilməlidir, oxumalıdır ki, həmin əhvala köklənə bilsin. Olub ki, ssenari müəllifi ssenarini gecə saat 01:00-da atıb. Gecə səhərədək oxumuşam ki, sabah nə olacağını bilim.

- Yeni serial təklifi almısınızmı?

- Hələ yox. Sağlıq olsun, bir ideya var, qoy qalsın, öncədən danışmayaq.

- Dostlarınız varmı?

- Mənim oğru dostlarım da var, doğru dostlarım da...

- Sirr deyilsə, serialdan aldığınız qonorar nə qədərdir, sizi qane edirmi? Bildiyimə görə, Türkyədə serial aktyorları şah kimi yaşayırlar...

- Bizim serialları türk serialları ilə müqayisə etmək lazım deyil. Aradakı fərq uçurum kimidi. Serial da belədir ki, bir müəyyən məbləğ var. Bu məbləğə 10 seriya çəkilməlidi. Bu da 1 ay vaxt istəyir. 40 nəfər də işçi var. Çay verənindən tutmuş, layihənin rəhbərinə qədər. O verilən məbləğ aşağıdan yuxarıya bölünməlidir. Yəni, artıq müəyyən nizam var. Məsələn, bir dəfə bir aktrisanı çağırdılar. O, deyiləndən ikiqat artıq istədi. Geri çəkildilər ki, imkan yoxdu. Onu çəkmədilər. Mən də elə, artıq desəm, məni çəkməzdilər. Mən deyirəm ki, son nədi? Onu deyirlər, razılaşıram. Burda maaş da aylıqdır. Qane edir hələ ki. Bu gün Azərbaycan reallığında budur. Maliyyə ancaq sponsordan gəlir. Bizdə də əsas serial işləyən ATV və Xəzər TV-di də. Serialdan gəlirim təxminən 1000-1500 manat arası olur.

- Sizcə, seriallar insanlara nəsə verirmi? Ssenarilərdə maarifləndirici nəsə varmı?

- İndiki serialların mövzusu ilə elə də razı deyiləm. İstərdim ki, sosial mövzulu, tariximizlə bağlı seriallar olsun. Bizdə daha çox ailə-məişət mövzularıdır. Bəlkə, bu da bir mərhələdir, keçəcək. Daha yaxşı olacaq. Yəqin ki, zamanla hamı tarixi, fəlsəfi filmlər istəyəcək. O da çəkiləcək. Bizim ssenari yazanlarımız da var, aktyorlarımız da var, prodüserlərimiz də var. Yəqin ki, nə vaxtsa tariximizlə bağlı filmləri çəkməyə də büdcə olacaq. Bu yaxında oxudum ki, bizim məşhur saksafon çalanımız olub, onu türmədə öldürüblər. Mən onun həyatını oxudum, dedim, kinodu elə bu. Nə qədər filmlər çəkə bilərik tarixlə bağlı. Yenə şərt büdcədi. Bir də kinoya dövlət dəstəyi lazımdı. Dövlət dəstəyi olmadan tarixi mövzulara heç kim girmək istəmir axı. Seriala qoyulan pulu sponsor dövriyyəyə buraxmış hesab edir. Yəni, qazanc güdür.

Bahadur Seyidov / Metbuat.az