Xəbərlər

Orxan Fikrətoğlu sərt danışdı: ​- "Kinoda üzümüz, televiziyada ağlımız, ədəbiyyatda isə dilimiz yoxdur​"

Orxan Fikrətoğlu sərt danışdı: ​- "Kinoda üzümüz, televiziyada ağlımız, ədəbiyyatda isə dilimiz yoxdur​"
26.01.2018

Orxan bəylə Nizami küçəsində rastlaşdım. “Aqat” təbii daşlar mağazasının bir guşəsinə çəkilib, söhbətləşməyə başladıq. Söhbətimiz çox maraqlı alındı. Məşhur yazar, teleaparıcı Orxan Fikrətoğlu bir çox aktual məsələlərə toxundu.

 

- Orxan bəy, 20 ilə yaxındır ki, televiziya işi ilə məşğulsuz. Bugünkü teleməkan sizi qane edirmi?

- Etmir. Bu gün heç bir telekanalın fərdi üslubu, üzü yoxdur. Bütün kanallar sosial şəbəkələrin təkrarı kimi görünür. Xəbər baxımından, ictimai müzakirələr baxımından bir gün gec işləyir. Teleməkan bir üzlüdür və bu üz mənə bazarda pul qazanmaq istəyən bir satıcını xatırladır. Biz, başımız özümüzə qarışdığından, Azərbaycanda televiziyanın bir institut kimi tənəzzül dövrünü yaşamasını anlaya bilmirik.

“Bu gün sosial şəbəkələr televiziyaları üstələyib.”

Reytinq oyunu, medianı bazar siqmentinə çevirmək cəhdi uğursuzluqla bitdi. Kommersiya yolu ilə özünümaliyələşdirmə, televiziya kimi ideoloji silaha şamil edilə bilməz. Axı televiziya insan yetişdirir. Pul qazanmaq həvəsi ilə ideoloji öhdəlik reallığı da heç cür çarpazlaşa bilməzdi və bilmədi də. Reklamverən zövqü ilə xalqın mənəviyyatını formalaşdırmaq çox təhlükəlidir. Vətəndaş əylənə-əylənə, qapı deşiyindən maraqlı talelərə baxa-baxa ancaq telemaqnatların cibini doldurmur, həm də gələcək nəslin mənəviyyatını yaradır.

“Bugünkü teleməkan dövlətə, xalqa bağlı vətəndaş yetişdirə bilmir.

Sadəcə, pul qazanır. Bu isə dövlət üçün də, xalq üçün də sabahın qurulması baxımından təhlükəlidir. Təhsil problemlərini, xüsusilə də dərsliklərin bərbad səviyyəsini bu boşluğa əlavə etsək, alınan mənzərə iki qat qorxuludur. Sabahın əsgəri, alimi harda və necə yetişsin? Bizi kim vətəndaş edir? Gələcəyə hansı ruhani tapınaqla gedirik? Zurna-balabanla? Kriminalla?..

- Bəs, sizcə, çıxış yolu varmı?

- Əlbəttə var. Əvvəla, çörəyi çörəkçiyə vermək lazımdır. Televiziyalar kadr problemi yaşayır. Aparıcı danışa bilmir, redaktoru işləyə bilmir. Kommersiya direktoru ancaq cibini düşünür. Jurnalistlərin marağı iş prosesi, xəbər əldə etmə hüququ ümümiyyətlə, danışıq predmeti deyil. Bir çox kiçik və böyük müdirlər ancaq öz kreslolarına işləyir, dövlətə yox.

Ancaq özlərinə sadiq, yaltaq və söz daşıyan işçilərlə işləmək istəyir ki, oturduğu kreslosuna təhlükə gəlməsin. Bununla o, bəlkə də nəsə udur. Nəticədə uduzan isə xalqın zövqüdür. Müdirə sadiq işçi hələ peşəkar işçi demək deyil. Sənə üzdə səmimi görünən dost öz ifrat yaltaqlığı ilə elə bir pislik edə bilər ki, gələcəyini itirərsən. İntibah tənqiddən başlanır. Tənqiddən qorxmaq lazım deyil.

Şəxsən mən, dili acı peşəkarlarla işləməyi, nadan yaltaqlarla işləməkdən üstün tutmuşam. Yəqin elə ona görə də, harda işləmişəmsə, işim uzun çəkməyib. Televiziyaların gələcəyi kabel televiziyalarının yaradılmasındadır. Tamaşaçının zövqünə uyğun xəbər, serial, əyləncə kanallarının abunə yolu ilə maliyyələşməsi, telekanalları bəlkə də yaşada bilər. Həm də xalqın zövqünü qoruyar. Kimin marağı nəyədirsə, onu da sifariş edib baxar. Televiziyalar ancaq bu yol ilə özünü maliyyələşdirə bilər.

- Bu gün Azərbaycanda yüksək zövqlü çox biznesmen var ki, reklamı düşüncə verilişlərinə versin?

- Məncə, heç yoxdur. Amma bununla belə, xalqın içindən çıxacaq o genetik zövq və mədəniyyət bu yol ilə birtəhər qorunmuş olar. Televiziyaların bərbad olması gənclərimizi sosial şəbəkələrdən asılı edib.

- Sosial şəbəkələr sizcə, təhlükəlidir?

- Ora “Həsənsoxdu” dəyirmanıdır. Sosial şəbəkənin formalaşdırdığı adamın sabah Azərbaycan üçün vuruşacağına inanmıram.

- Görürəm ürəyiniz doludur, bu məsələləri danışmaqla bitməz… Bəs, öz işləriniz necədir?

- Səncə, necə gedəcək? Filmlərim, yazılarım içimdə boğulur. Etmək istədiklərimin, edə biləcəklərimin beş faizini edirəm. Ona da imkan tapsam…

Bu gərginlik isə mənə həm maddi, həm də mənəvi zərbə vurur. İş olmayanda pul da olmur. Bu il “ARB” telekanalında dörd film çəkdim. “Space” telekanalında iki aya yaxın bir lahiyə üzərində işlədim. Bakıda, Daşkənddə və Moskvada kitablarım çıxdı. Rüstəm Dastanoğlu ilə birgə “Stalker prodakşn” adında bir şirkət açdıq. Məşhur “Nabat” filminin rejissoru Elçin Musaoğlu ilə birgə orda ilk filmimin çəkilişlərinə başlamışıq.

- Yəqin ki, sizin də biznes maraqlarınız var…

- Mən biznes bilirəm? Azərbaycan gerçəkliyi də təəssüf ki, biznes maraqları üstündədi. Ziyalılara hökumət dəstəyi, müəyyən bir dəstək proqramı olmadığından elə siz də, mən də məcbur oluruq, bilmədiyimiz işlərlə məşğul olmağa. Azərbaycanı gələcəyə çıxarmağa qadir olan, onun təfəkkürünü formalaşdıran, onun təhsilini, mədəniyyətini, mənəviyyatını formalaşdırmağa qadir olan insanlar təəssüf ki, bazardan, reytinqdən asılıdır. Bazar məni neynir? Ona üzü, fikri olmayanlar lazımdır.

- Yeni filmləriniz kinoteatrlarda nümayiş olunacaq?

- Bəli, ola bilsin, amma əvvəlcə biz bunu dünyaya - beynəlxalq festivallara çıxaracağıq. Planlar çoxdur.

- Pul ilə dostluq edirsiz?

- Puldan dost olar? Adamdan dost olmur, puldan necə olacaq? Mən ağasının taxıl anbarına sevinən, aclıqdan çıxacağına ümüd edən o nadan nökərlərdən deyiləm. Allahın ruzi verəcəyinə inanan ariflərdənəm.

- Sizi ən çox “Zorxana” ilə sevmişdilər. Orxan Fikrətoğlu bir vaxt xalqın, belə deyək, əyər-əskiyini, yəni çatışmazlığını birbaşa olaraq efirdən deyən ziyalı idi. Amma bu gün Orxan Fikrətoğlu artıq onları demir

- Ona görə ki, deməyə tribuna yoxdur. Elə bir tribuna, elə bir televiziya olsa, mən yenə ölkəmizdə baş verən, Azərbaycan dövlətçiliyinin, xalqının, gələcəyinə mane olan məmurların, gələcəyinin əleyhinə olan bir çox insanların və proseslərin analizini, şərhini edə bilərəm. Necə ki, eləmişəm. Təəssüf ki, o tribuna indi yoxdur. Sosial şəbəkəni çox aşağı səviyyəli reallıq sayıram və sosial şəbəkələrdə özümü görmürəm.

Çünki sosial şəbəkələr, mənə çörək bazarında olan növbələri xatırladır. Amma ciddi telekompaniyalar, ciddi kinostudiyalar, ədəbi müstəvidə mülahizələr aparılmaq üçün yer olsa, tribunası olsa, mən yenə hazıram… Mən həmin adamam. Vətəndaşam. Müstəqillik uğrunda, hüquqi dövlət quruculuğu uğrunda dövlətimə xidmət edən yazıçıyam.

- Siz “Zorxana”dakı reytinqi heç bir zaman toplaya bilmədiniz…

- Təbii ki, tamaşaçı məndən sözün düzünü gözləyir. Mən şou adamı deyiləm. Məni şou adamı eləmək istəsələr də olmadım. Son vaxtlar qeyri-adi sifarişlər verilir aparıcılara. Ağılsız görün, ancaq əyləncəli ol, gülməli sifarişlərdi. Elə insanlar var ki, bununla razılaşırlar, amma mən razılaşmadım. Fikir vermisinizsə, özündən demək olmasın, mən Azərbaycan teleməkanında özünü-üzünü-sözünü dəyişməyən teleaparıcıyam. Televiziyaların bugünkü iş keyfiyyəti qədərincə deyil. Televiziyalar ciddi deyil. Bu da daha çox kadr problemindən asılıdır. Elə televiziyalar var ki, orada aid olmayan insanlar, dəxli olmayan jurnalistlər işləyir. Bilirsinizmi, qələmi olmayan, dünyaya baxışı olmayan jurnalistlər var.

- Bəs, film sahəsində gedən işlərə münasibətiniz necədir?

- Təəssüf ki, biz kinoda da özümüzü tapmadıq. Milli kino taxçamızı yarada bilmədik. Ayrı-ayrı uğurlu filmlərimiz olsa da, məsələn, İran kinosu qədər üzümüz yoxdur. Kino istənilən dövlətin mədəni səviyyəsinin aynasıdır. Əgər kino varsa, deməli, bu toplumda teatr da var, ədəbiyyat da, musiqi də. Son illər bu sahədə tənəzzül dövrünü yaşayır. Kinoda üzümüz, televiziyada ağlımız, ədəbiyyatda isə dilimiz yoxdur.

- Niyəsini bilirsizmi?

- Mənim üçün ən gənc şair bilirsən kimdir - Nəsimi. Bu günün gənc şairlərinin hamısı o qədər gülünc və qocadır ki, onların yazdıqlarını mən, əvvəllərdə on min dəfə oxumuşam. Bu təkrar, yorğun və avam yazarların özünə vurğunluğu, öz saytlarında biri-birinə dahi deməsi “marazmdır”. Buna baxmayaraq, yenə ədəbiyyatda birtəhər qurdalanmalar var. Mən də nəsə etməyə çalışıram.

- Son dövrlərdə, siz dediyiniz kimi, bayağı seriallar və yaxud da, səhnəciklər deyək də, serial şəklində təqdim olunur və ya kinoteatrlarda onları film adı ilə göstərirlər. Çox izlənilir, buna daha çox maraq var, nəinki ciddi nəyəsə…

- Cəmiyyətdə heç bir problem yoxdur. İstənilən cəmiyyətin, dünyanın hər yerində beş faiz ağıllısı olur, qalanı isə kütlə olur. Poznerin bir gözəl fikri var. O deyir: “Əgər sən atın arxasını on gün efirdə göstərsən, on birinci gün atın arxası reytinq verəcək”. Bu günün TV-ləri formalaşdırıb da bu kütləni. Bu insanlar Aydan gəlməyiblər ki? Kütləni təhsil, mədəniyyət və milli əxlaq formalaşdırır. Qorxduğum da budur ki, sabah II Qarabağ savaşı başlasa, seriallara alışmış azərbaycanlı tamaşaçı gedib erməni tanklarının üstündə “selfi” çəkdirər."

"Pul gətirmir deyə televiziyalarda, kinofilmlərdə vətənpərvərlik hissi təbliğ olunmur."

Bəzi adamlar üçün pul yəqin ki, Azərbaycandan üstündür. Onlar anlamırlar ki, Azərbaycan və azərbaycanlılar var deyə, onlar bu pulu qazanır. Kütlənin içində dövlətinə bir sevgi olmalıdı. Bu sevgini kim kütləyə aşılayır? Ədəbiyyat? Aşılamır axı.

Ədəbiyyatımız da təəsüf ki gənclərin təqdimatında daha çox erotik yönə yönəlib. Torpağı iyirmi faiz işğal altında olsa da, kütlə gülmək, əylənmək istəyir. Sənə bu görüntü absurd görünmürmü? Hər gün televiziyalarda əyləncə verilişləri verilir, gənclər də bu verilişlərə baxır, gülür və daha düşünmək istəmir. Sosial sifariş yoxdur axı. Heç kim sənə “düşün” demir. Əksinə “düşünmə” deyir.

- Görəsən niyə?

- Moskvadan Azərbaycana qayıtmışdım ki, o zamanki boz kütləni xalqa çevirim. Amma bu boz kütlə xalq olmadı, əksinə mənə “məni güldür”, “məni ağlat” sifarişi verdi. Sizin sualınıza konkret olaraq belə cavab verim ki, biz kütləni formalaşdırdığımız kimi kütlə də artıq bizi formalaşdırmağa çalışır. Burda absurd bir savaş gedir. O zövqsüz, qeyri-peşəkar komediyalar elə bir tamaşaçı zövqü formalaşdırıb ki, sən artıq nəsə ciddi bir şey desən belə, onlar bu fikri qavraya bilmir, onların düşünməyə ağlı çatmır. Təəssüf ki, təhsil sistemində də problemlər var. 

Biləcəridən o taya keçə bilmirlər deyə, özlərini dünya ilə müqayisə də edə bilmirlər. Bilmirlər ki, yaxşı film necə olur. Baxılan filmlər əyləncədən başqa bir şey deyil. Boş əyləncə… Elə əyləncə var ki, doğrudan da çox maraqlıdır. Əyləncəni də qeyri-peşəkar edirlər ee… Mən Azərbaycanda bir ciddi şou verilişi haqqında danışa bilmirəm. Təəssüf ki, azərbaycanlıların çoxu rus dillidir və çoxu da “Urqant”a baxır. Biz “Urqant” səviyyəsində bir şou-layihə ortaya qoya bilmirik deyə, rus tamaşaçısına çevrilmişik.

- Siz yəqin ki, açdığınız prodakşnda ciddi layihələr edəcəksiniz, filmlər çəkəcəksiniz. Onları harda nümayiş etdirəcəksiniz?

- Mən kino sahəsində Beynəlxalq Yalta kinofestivalının qalibi olmuşam - “Xalça nəğməsi” filminə görə. “Ərazi 2” filminə görə isə YUNİSEF-in xüsusi mükafatını almışam. Bu mükafatlar beynalaq festivallarda ciddi qəbul olunur. Elçin Musaoğlu da beynəlxalq festivallar qalibidir. Bizim təqdim etdiyimiz film bir çox festivallarda bu mükafatlara görə qeyd-şərtsiz qəbul olunur. Biz nəzərdə tutmuşuq ki, ilk filmi dünyaya çıxarandan sonra Avropa Kino Akademiyası ilə müəyyən sazişlər imzalayaq. Avropa Kino Akademiyasından dəstək almaq fikrindəyik. Türk film yapımcılar dərnəyinin başqanı ilə müəyyən münasibətlərim var. Türkiyədən də müəyyən maliyyə yardımı almaq fikrindəyəm. Azərbaycanlı iş adamlarına da müraciət edəcəyik. Mən zövqü, milli təfəkkürü kino və verilişlər vasitəsi ilə bərpa etmək niyyətindəyəm. Buna ehtiyac da var.

- Vüsal Rzasoy… Yəqin ki, xəbəriniz oldu...

- Hə. “Ayə haraya gedirsən”. Mən bu haqda danışmaq istəmirəm. Dediyin elə bir qeyri-ciddi reallıqdır ki, onun qəbul olunub-olunmaması mənim üçün maraqlı deyil. Onun haqda danışmaq, ona gülmək və yaxud da, ondan xoşlanmaq, məncə, çox qeyri-ciddidir. Çünki Azərbaycanın çox böyük problemləri var, biz o haqda danışmalıyıq. Məsələn, qəhrəman Azərbaycan əsgəri gündəmə gəlməlidir və ya gündəmdən heç çıxmamalıdır.

Amma biz “hara gedirsən ayə” ilə məşğuluq. Belə çox uzağa getmək olmaz. Müəyyən mənada baş girləmək olar, amma yaşamaq olmaz. İstəmərəm ki, mənim uşağım bu reallıqda yaşasın. Mən bunu istəmirəm. Yəqin siz də istəmirsiniz. Düşünən insan bunu istəməz. Bəs bunu dəyişmək istəyən çoxmu insan var?

 

- Azərbaycan əsgərini sayta qoyanda baxılmır, oxunmur…

- Bu reallığı kimsə yaradıb da… Və bu qüvvə Azərbaycanın düşmənidir. Kimlərsə bilərəkdən bizə pislik edir. İkimiz də bilirik ki, Azərbaycan xalqının imicinin formalaşması, bu xalq üçün “ayə hara gedirsən” mahnısının imicinin formalaşmasından daha önəmlidir.

Bəs, niyə əsgərimiz az təbliğ olunur? Xalq da qeyri-ciddi mahnılara baxır, maraq göstərir. Heç düşünən yoxdumu ki, bəlkə, bunun arxasında elə bir düşmən dayanıb? İstəyir biz şit olaq, boş olaq. Laqqırtı vuraq. Ola bilər də belə bir şey… Təhsildə də bu problem var. Gördünüzmü, VIII sinif dərsliyində Azərbaycanın xəritə məsələsi necə həll olunmuşdu. Xatırlayın da. Ermənistanı böyük bir dövlət kimi vermişdilər. Dərsliyə necə düşür bu xəritə?...

Bunu hüquq araşdırmalıdır. Bu haqda ciddi düşünməyin və danışmağın zamanıdır. Niyə özümüzü aldadaq ki? Ağıllı, istedadlı insanlar təhsil sayəsində formalaşır. Savadlı gənclər gündəmə gəlsə, tamam başqa bir müstəvi yaranar. İndi hərə bir kamera tapıb kino çəkir. Əgər o kamera tapan incəsənət akademiyasında normal təhsil alsaydı, ciddi film çəkərdi.

Təhsili yoxdur ki, çəkə bilmir. O cümlədən, jurnalistikaya gələn gənclər. Bu gənclərə elə bil ki, ancaq sözbazlıq öyrədirlər. Yazılı mətbuatda da bilirsiz necə iyrənc mətnlər var. Qeyri-peşəkar insanlar var jurnalistikada? Bilmirlər yazı nədir, ancaq pozu bilirlər.

…Və ən nəhayət, onlar onu da bilmirlər ki, yazıya pozu yoxdur….